6.1. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 iş günü müddətində qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
6.2. Rezidenturaya keçirilən müsabiqə və onun nəticələri ilə bağlı namizədlərin müraciətlərinə baxılması üçün TQDK tərəfindən apelyasiya komissiyası yaradılır.
6.3. Namizəd apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
6.4. Müsabiqənin keçirilməsi zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
6.4.1. saxta sənəd təqdim etmək;
6.4.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
6.4.4. “İmtahan başlandı!” elan olunan andan imtahanın sonunadək səbəbindən asılı olmayaraq, zalda yerini dəyişmək, gəzişmək, danışmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
6.4.5. “İmtahan başlandı!” elan olunan andan 1,5 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;
6.4.6. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;
6.4.7. nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
6.4.8. cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
6.5. Namizədin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.